Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

31 Yanvar Azərbaycan Xalq Cümhuriyyətinin Banisi Məhəmməd Əmin Rəsulzadənin Doğum Günüdür

31 Yanvar Azərbaycan Xalq  Cümhuriyyətinin Banisi  Məhəmməd Əmin Rəsulzadənin Doğum Günüdür 31 Yanvar Azərbaycan Xalq Cümhuriyyətinin Banisi
Məhəmməd Əmin Rəsulzadənin Doğum Günüdür…
Cəmaət Istiqlala o qədər munis olmuş ,hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin,bir kütlənin arzusu deyil, butun cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor… Türkəm bu cəhətdən özümü xoşbəxt hiss edirəm !
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsini XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevirmiş, Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində almışdır. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilmişdir. Rəsulzadə təkcə siyasi xadim deyil, həmçinin ədəbi, ictimai əsərləri olan mütəfəkkir idi. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa “Müxəmməs” adlı ilk “Şərqi Rus” qəzetində (1903-cü il No20) çap olunmuş əsəri ilə başlamışdır. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. (“Бакински рабочи” qəzeti, No60, 18 mart, 1923-cü il). Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir. 1917-ci ildə fevral burjua inqilabı baş verdi, Böyük Rusiya imperiyası dağılmağa başladı. Əsən azadlıq mehi müstəmləkə altında olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımızda bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər (“Açıq söz” qəzeti”, No431, 1917-ci il). 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası “Müsavat”ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır. Həmin dövr xalqımızın tarixinə “Milli Azərbaycan hərəkatı” kimi daxil olmuşdur. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Çətin, agır şəraitdə olan mübarizələr nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Həmçinin Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində, elmində, böyük izlər qoydu. İlk dəfə olaraq Azərbaycan Beynəlxalq müstəvidə öz nüfuzunu qazanmaq, adını dünyaya çatdırmaq üçün yeni mübarizə yoluna qədəm qoydu. Bu yolda demokratik cəmiyyətin müsbətlərini özündə toplamağa çalışan Cümhuriyyətimiz və qurucularımız təhsilimizin, dilimizin möhkəmləndirilməsi yolunda bir sıra uğurlu addımlar atdılar. 27 İyun 1918-də Dövlət dili Azərbaycan dili qəbul edilərək, bütün idarə orqanlarında və sənədlərdə Azərbaycan dilində olması təsdiq edildi. Azərbaycan Höküməti tərəfindən 9 Noyabr 1918-ci il tarixli qərar ilə mavi, qırmızı və yaşıl rənglərdən,ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edildi. 26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakı Dövlət Universitetinin yaranması haqqında qərar da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi” (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il).
1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş”(1934-1938 jurnalı çap edilirdi.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan “Britaniya ensiklopediyası”nda “Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar.
Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub.

Azərbaycan Reqional İnkisaf mərkəzinin
işçisi Sofuyeva Aygün (c)

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com