Sorğu

Loading ... Loading ...

Təqvim

Сентябрь 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Май    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əməkdaşlıq yüksək səviyyədədir

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomson Azərbaycanda səfərdədir.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Martın 7-də BMqT baş direktorunun müavini Laura Tomson Dövlət Miqrasiya Xidmətində olub. DMX-nin rəisi Firudin Nəbiyev qonaqlara Beynəlxalq Miqrasiya Təşkilatı ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Xidmət rəisi ölkəmiz haqqında məlumat verərək diqqətə çatdırıb ki, hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü və strateji əhəmiyyətə malik dövlətdir. Azərbaycanda nəhəng enerji layihələrinin icrası ilə yanaşı, qeyri-neft sektoruna böyük sərmayələr yatırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlərin, aparılan islahatların nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumunun dərc etdiyi sonuncu hesabatda iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində Azərbaycan 35-ci yerdə qərarlaşıb. Respublikamız bu göstərici üzrə MDB ölkələri arasında birincidir. Xidmət rəisi qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə edir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin daha da inkişafı istiqamətində mühüm və qətiyyətli addımlar atılır. Bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev bu münasibətlə 2018-ci ilin böyük dövlətçilik ənənələrinə malik ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalayıb. Xidmət rəisi deyib ki, bu gün Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. İndiyədək ölkəmizdə miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində genişmiqyaslı, möhtəşəm fəaliyyətin ortaya qoyulması ilə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi məkana çevrilib. 2018-ci ilin noyabrında Azərbaycan “Ekspo 2025”i təşkil edəcək ölkə seçilərsə, ən ideal ev sahibliyi nümunəsi göstərəcək. Dünyada baş verən miqrasiya proseslərindən bəhs edən Xidmət rəisi diqqətə çatdırıb ki, son zamanlar münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması narahatedici amillərdəndir. Hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısıalınmaz xaotik vəziyyətə və böyük faciələrə səbəb ola bilər. O, 2016-cı ilin sentyabrında BMqT-nin BMT ailəsinə rəsmən qoşulmasının və BMT Baş Məclisi çərçivəsində dünyada davam edən qaçqın və miqrant axınlarının idarə edilməsində beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi məqsədilə qəbul olunan “Qaçqınlara və miqrantlara dair Nyu-York Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.

Bildirib ki, Azərbaycan Hökuməti doğma yerlərini tərk etmiş insanların bütün problemlərinin həll edilməsində səylərini əsirgəmir. Ölkəmizdə onların məşğulluq, təhsil, yaşayış, tibbi və sosial təminat ilə əlaqədar tədbirlər mərhələli qaydada uğurla həyata keçirilir. Məcburi köçkünlər üçün yüzə yaxın müasir qəsəbə salınıb, yüz minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses hazırda da davam etdirilir. Lakin əsas problem ərazilərin işğaldan azad edilməsi, münaqişənin həllidir ki, bu məsələ Ermənistanın destruktiv mövqeyi nəticəsində bu vaxtadək həllinin tapmayıb. DMX-nin fəaliyyət istiqamətləri haqqında məlumat verən F.Nəbiyev deyib ki, Xidmət fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq, aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət “bir pəncərə” prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyat keçirir. DMX-nin aparatı, həmçinin 8 regional miqrasiya idarəsi, o cümlədən Bakı və Yevlaxda qanunsuz miqrantların saxlanılması mərkəzləri və strukturuna daxil olan digər qurumları vasitəsilə müraciət edən əcnəbilərə yüksəkkeyfiyyətli xidmət göstərir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət təqdim edilir. Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən danışan Xidmət rəisi məlumat verib ki, Azərbaycanda 2013-cü ildə qüvvəyə minmiş Miqrasiya Məcəlləsinin layihəsi hazırlanarkən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edilib. Eyni zamanda, qeyri-hökumət təşkilatları ilə keçirilmiş görüşlərdə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində onlar tərəfindən verilən təkliflər nəzərə alınıb. F.Nəbiyev hazırda ölkəmizin turizm sektorunda yüksəliş dövrünü yaşadığı, respublikaya gələn turistlərə üç saat ərzində viza verilməsi imkanlarının yaradıldığı və nəticədə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayının ildən-ilə əhəmiyyətli dərəcədə artdığını qeyd edib. Bildirib ki, Azərbaycana səfər edənlərin palitrası zəngindir. Belə ki, dünyanın bütün qitələrindən ölkəmizə gələnlər var. Azərbaycana gələn əcnəbilərin sayının artmasının ölkəmizi son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevirdiyini deyən F.Nəbiyev ölkəmizdə əcnəbilərin miqrasiya ilə bağlı qeydiyyat prosedurlarının sadələşdirildiyinə konkret faktlarla diqqət çəkib. Görüşdə Vahid Miqrasiya Məlumat Sisteminin imkanları barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanıb. Xidmət rəisi DMX-də elektron sənəd dövriyyəsinin tətbiqinə və əldə edilən nəticələrə toxunub. Qanunsuz miqrasiyaya qarşı mübarizədən söhbət açılarkən bildirilib ki, 2015-ci ildən qeyri-leqal yollarla Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkarlanıb. Son dövrlər isə bununla bağlı daha ciddi işlər aparılır. Bu istiqamətdə aidiyyəti hüquq mühafizə və prokurorluq orqanları ilə birgə qanunsuz miqrasiya kanallarının qarşısının alınması üçün tədbirlər görülür. Diqqətə çatdırılıb ki, miqrasiya sahəsində maarifləndirmə, o cümlədən Xidmətə edilən müraciətlərin operativ cavablandırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti müvafiq işləri davam etdirir. Ölkəmiz miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlıq həyata keçirir. BMqT ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Xidmət rəisi baş direktor U.L.Sinqin 2015-ci ilin sentyabrında Azərbaycana uğurlu səfərinin buna təkan verdiyini vurğulayıb. Qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirən F.Nəbiyev deyib ki, hazırda DMX ilə BMqT-nin ölkəmizdəki nümayəndəliyi bir neçə birgə layihə həyata keçirir. Xidmət BMqT ilə uğurlu əməkdaşlığı bundan sonra da inkişaf etdirəcək. Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələrlə icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrası istiqamətində görülən işlərdən söhbət açılıb. Readmissiya sazişi çərçivəsində Aİ-nin üzvü olan dövlətlərlə icra protokollarının razılaşdırılması və imzalanması işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Xanım Laura Tomson görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da görüşdə iştirak edib.

Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edib, Xidmətdə yaradılmış tədris otağı ilə tanış olublar.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com