Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycanın geosiyasəti: Keçmişdən nəticə çıxarmağın və indiki vəziyyəti anlamağın əhəmiyyəti

“Müasir qloballaşan dünyada dövlətin milli suverenliyinin dəyəri dəfələrlə artır”. Trend-in məlumatına görə, bu barədə “Kavkazplus” internet qəzetində dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, dünyada real olaraq tam suveren dövlətlər çox da qalmayıb. Bu yaxınlaradək suverenliyə malik olmuş bəzi ölkələr əsas geosiyasi oyunçuların xeyrinə milli suverenliyindən imtina edib, digərləri təzyiqlərə tab gətirməyərək subyektivliyini itirmək prosesindədir, üçüncüləri isə çox vaxt xaricdən təhrik edilmiş daxili müharibə və qarışıqlıqla əhatə olunublar.

Azərbaycan bu baxımdan dünya tarixinin müasir mərhələsində unikal ölkədir. Azərbaycan dövlət suverenliyi və subyektivliyini tam saxlayıb. Nəticədə hazırda Azərbaycan hər şeydən əvvəl milli maraqlarından çıxış edərək geosiyasi proseslər və irimiqyaslı iqtisadi layihələrdə iştirak edə bilər. Üstəlik, Azərbaycan bu siyasətini davam etdirmək niyyətindədir və sueverenliyinə xələl gətirərək heç bir geosiyasi birliklərə (Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı) hər vəchlə inteqrasiya etməyə çalışmır. Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətləri saxlamaq istəyir. Bundan başqa, Azərbaycan Ermənistanın təcavüzünə və ərazisinin bir hissəsinin işğal edilməsinə baxmayaraq, dinamik inkişaf etmək üçün özündə güc tapır.

Məqalədə bildirilir ki, dövlətin beynəlxalq arenada apardığı siyasətin məğzini başa düşmək üçün xeyli sayda faktorları nəzərə almaqla baş verən geosiyasi proseslər barədə təsəvvürə malik olmaq lazımdır. Bura müasir KİV-lərin göstərmədiyi proseslər də daxildir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, görkəmli dövlət xadimi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu yaxınlarda nəşr edilmiş “Azərbaycanın geosiyasəti” adlı fundamental araşdırma əsərini belə “geosiyasət üzrə dərslik” hesab etmək olar.

Bu əsərin birinci hissəsində Azərbaycan dövlətçiliyinin tarixinə, onun dünya sivilizasiyasının inkişafında roluna qərəzsiz təhlil verilib. Tarixi araşdırmada Azərbaycan xalqının milli dövləti kimi Səfəvilərə xüsusi diqqət ayrılıb. Həmçinin, Azərbaycanın Rusiya imperiyası tərkibindəki vəziyyəti təhlil edilib. Müəllif keçmişin səhvlərindən dərs çıxarmağa və onları təkrarlamamağa, tarixin xalq və dövlətə verdiyi imkanlardan istifadə etməyə çağırır.

Araşdırma müəllifinin fikrincə, işğalçı müharibələr nəticəsində Azərbaycanın bölünməsi və ardından ermənilərin yerləşdirilməsi XIX əsrdə Azərbaycan üçün geosiyasi vəziyyətin ən ciddi mənfi dəyişikliyi oldu.

Əli Həsənov XX əsrdə Azərbaycan millətinin formalaşması və Azərbaycan dövlətçiliyinin bərpa olunmasına xüsusi yer ayırır. XIX əsrdə Azərbaycanın şimalı Rusiya tərəfindən ayrı-ayrı xanlıqlar formasında işğal edildiyi halda, 1918-ci ildə Azərbaycan imperiyanın tərkibindən vahid dövlət kimi, azərbaycanlılar isə vahid millət kimi çıxdı. 1918-ci ildə Azərbaycan xalqının vahid dövlətçilik ənənələrinin bərpa edilməsi ilə Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi faktora çevrildi.

Araşdırmada qədim Azərbaycan torpaqlarında erməni dövlətinin formalaşdırılmasına da diqqət ayrılıb. Qeyd edilir ki, Cənubi Qafqazda tarixən heç vaxt “Ermənistan” adlı nəinki dövlət, hətta inzibati-siyasi vahidlik olmayıb. İlk dəfə belə ad altında dövlət 1918-ci ildə Azərbaycan Milli Şurasının razılığı ilə qədim Azərbaycan torpaqlarında yaradılıb.

1918-ci ildə faktiki olaraq ermənilərə dövlətçilik “hədiyyə” edən Azərbaycan Milli Şurası Azərbaycan və Ermənistan xalqlarının barışacağına və ermənilərin bundan sonra ərazi iddaları ilə çıxış etməyəcəyinə ümid edirdi. Lakin bu gözləntilər özünü doğrultmadı. Bundan sonra Ermənistan Cənubi Qafqazda geosiyasi qeyri-sabitliyin əsas faktoruna çevrildi və bu vəziyyət indiyədək davam edir.

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində yaradılmış Azərbaycan SSR 70 il SSRİ-nin tərkibində oldu. Bu dövrü qiymətləndirən müəllif qeyd edir ki, Azərbaycan həmin illər ərzində müstəqilliyinin bərpası üçün tarixi məqamı gözləyib. Bu şans SSRİ-nin dağılması ilə 1991-ci ildə yarandı. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalaraq ağır şəraitdə dövlət müstəqilliyini bərpa etdi. Dağılan SSRİ-nin hərbi və siyasi rəhbərliyi Ermənistanı dəstəkləyirdi ki, bu da Qarabağın Azərbaycan əhalisi üçün faciəvi nəticələrə gətirib çıxardı.

Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Araşdırmada Azərbaycanın müstəqiliyinin bərpa edilməsi və onun sabit, demokratik, dinamik inkişaf edən dövlət kimi təşəkkül tapması işində ümummilli lider Heydər Əliyevin roluna xüsusi diqqət ayrılıb. Azərbaycanın və digər ölkələrin tarixi təcrübəsi göstərir ki, geosiyasi vəziyyət əlverişli və ideal ola bilər, lakin dövlət və millətin ümummilli lideri yoxdursa, xalq və dövlət tarixin verdiyi şanslardan istifadə edə bilməz. Heydər Əliyev itirilmiş müstəqilliyi bərpa etdi, ölkəni arasıkəsilməz xaosdan çıxartdı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişafın əsaslarını qoydu. Ümummilli lider Heydər Əliyev sayəsində Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başladı və bu proses hazırda da davam edir.

Məqalədə qeyd olunur ki, professor Əli Həsənovun özü ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı tələbələrindən biridir. O, bu gün də müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır.

Bununla yanaşı, Əli Həsənovun əsərində Azərbaycan qarşısında dayanan müasir çağırışlara xüsusi yer verilib. Azərbaycanın yerləşdiyi regionun enerji resursları ilə zənginliyi və əsas geosiyasi oyunçuların yataqlar və bu resursların tədarük marşrutları üzərində tam nəzarəti ələ keçirmək istəyi Mərkəzi Asiya, Xəzər dənizi, Qara dəniz hövzələri və Cənubi Qafqazda təsir uğrunda mübarizəni kəskinləşdirir. Məlum olduğu kimi, enerji təhlükəsizliyi qabaqcıl dövlətlərin milli təhlükəsizlik strategiyasında həlledici elementdir.

Əli Həsənovun işində Rusiya, İran, Türkiyə kimi ölkələrin, eləcə də ABŞ, Avropa İttifaqı və onun bəzi üzvlərinin, həmçinin Çin və Yaponiyanın Cənubi Qafqazda maraqları ətraflı araşdırılıb. Cənubi Qafqaz, Qara və Xəzər dənizi hövzələri ölkələrinin – Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkmənistan və digərlərinin milli maraqları ayrıca tədqiq edilib.

Araşdırmada bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ABŞ və Avropa İttifaqının geosiyasi qarşıdurmasına da xüsusi yer ayrılıb. Postsovet ölkələri onların qarşıdurmasının arenasına çevrilib. Kəskinləşən geosiyasi qarşıdurma şəraitində region dövlətlərinə milli suverenliklərini və maraqlarını qorumaq getdikcə çətinləşir. Hələ ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu geosiyasi möhkəmliyin ehtiyatı və Azərbaycan dövlətinin qurulduğu ilkin prinsiplərə sadiqlik Azərbaycana regionda əsas yeri tutmaqla təkcə suverenliyi qorumağa və təzyiq cəhdlərinə qarşı durmağa deyil, həm də təsirini artırmağa kömək edir. Bundan başqa, Azərbaycanın iqtisadi gücü və ordunun hərbi gücü artır.

Lakin Azərbaycan xalqı heç də tarixində ilk dəfə mürəkkəb geosiyasi çağırışlarla üzləşmir. Azərbaycan siyasətçilərinə, ictimai xadimlərinə, dövlət məmurlarına, biznes nümayəndələrinə və idarəçilərə müasir geosiyasi çağırışların qoyduğu suallara cavab tapmaqda Əli Həsənovun “Azərbaycanın geosiyasəti” fundamental araşdırması kömək edə bilər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]