“Bələdiyyələrin İnkişafı Naminə” QHT Alyansı “ Azərbaycanda Bələdiyyələr: Mövcud vəziyyət və islahat imkanları” mövzusunda konfrans keçirmişdir

“Bələdiyyələrin İnkişafı Naminə” QHT Alyansı “ Azərbaycanda Bələdiyyələr: Mövcud vəziyyət və islahat imkanları” mövzusunda konfrans keçirmişdir 23 aprel Park İnn oteldə “Bələdiyyələrin İnkişafı Naminə” QHT Alyansı “ Azərbaycanda Bələdiyyələr:Mövcud vəziyyət və islahat imkanları” mövzusunda konfrans keçirmişdir. Konfrans səhər saat 10:00-dan-14:00-a qədər davam etmişdir. Tədbiri açıq elan edən alyansın koordinatoru Abil Bayramov konfransın məqsədi haqqında qısa məlumat verdi. Daha sonra konfransda bələdiyyələrlə bağlı “Oksfam Beynəlxalq Humanitar Təşkilatı”nın Azərbaycan nümayəndəliyinin rəhbəri-Şövkət Əlizadə, müstəqil ekspert-Ələsgər Məmmədli, “İqtisadi Təşəbbüslərə Yardım” İB-nin sədr müavini- Rövşən Ağayev də bələdiyyələrin inkişafı ilə bağlı bir sıra mövzularda təklif və planlarından danışdı. Həmçinin konfransa “Azərbaycanda Regional İnkişaf Mərkəzi” fondunun sədri Çingiz İsmayılov da çıxış etdi. O, öz çıxışında qeyd etdi: “Bələdiyyələrin fəaliyyəti və onların cəmiyyətdə nüfuzu qənaətbəxş hesab oluna bilməz. Bunun bir çox obyektiv və subyektiv səbəbləri vardır. Hüquqi baxımdan, bələdiyyələrin yerlərdə bir çox səlahiyyətlərinin olmasına baxmayaraq, reallıqda onlar bu səlahiyyətləri yerinə yetirə bilmirlər. Regionlarda icra hakimiyyətlərinin real idarəetmə imkanlarını nəzərə alaraq, bələdiyyələrin əksəriyyətinin qənaətbəxş sayılmayan maliyyə vəziyyətinin şahidi olarıq. Təbii ki, bu səbəbdən onların uğurlu fəaliyyətindən bəhs etmək mümkün deyil. Fikrimcə, ilk öncə burada bələdiyyələrə dövlət tərəfindən ümumi baxış və münasibət dəyişilməlidir. İkincisi, 15 il müddət ərzində fəaliyyətdə olan bələdiyyələrə əhali tərəfindən münasibət birmənalı müsbət deyildir. Bu səbəbdən bu ilin sonunda keçiriləcək növbəti bələdiyyə seçkisində əhalinin daha fəal olması üçün məqsədyönlü seçkiqabağı təbliğat kampaniyası təşkil olunmalıdır. Bildiyimiz kimi, 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində əksər məntəqələrdə seçicilərin iştirakı çox və hətta həddən çox aşağı olmuşdur. Bu vəziyyətin bir daha təkrar olmaması üçün bu istiqamətdə müvafiq təbliğat işlərinin aparılması vacibdir. Və üçüncüsü, bələdiyyə seçkilərinin nəticəsində layiqli namizədlərin qalib olması bir tərəfdən onların fəaliyyətində həlledici dönüş yarada bilər və digər tərəfdən yerli icmaların bələdiyyə institutlarının fəaliyyətinə inamın artmasına gətirib çıxara bilər”.

Sofuyeva Aygün

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com