Bakı bazarlarında Yeni İl öncəsi: ərzaq məhsulları ucuzlaşır


Yeni il ərəfəsində Bakının ərzaq bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə olunur.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin rəhbəri Nəriman Ağayev bildirib. O, ərzaq məhsullarının topdan və pərakəndə satış qiymətində 2-3% enmənin olduğunu söyləyib. “Sitrus bitkiləri, kartof, kələm, soğan və sairin qiymətində azalma var. Yerli meyvələrin qiyməti sabit qalır”, – deyə o, qeyd edib.
N.Ağayevin sözlərinə görə, adıçəkilən məhsulların ucuzlaşması bir sıra faktorlarla bağlıdır. Səbəblərdən biri gözlənilən tələbatın olmaması, həmçinin bazarlarda məhsulların bolluğudur.
Bazarlarda qiymətlərin Yeni İldən sonra necə olacağına gəlincə, N.Ağayev bir müddət onların dəyişməz qalacağını düşünür: “Növbəti ayda meyvələrin qiymətində nəzərəçarpacaq dəyişiklik gözlənilmir. Yalnız yanvarın 15-dən sonra valyuta məzənnəsinin dəyişməsi və digər amillər Bakı bazarlarındakı qiymətlərə müəyyən təsir göstərə bilər”.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com