Sorğu

Loading ... Loading ...

Təqvim

November 2019
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb

Mayın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb. Mayın 7-də isə Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin II toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin – Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın informasiya və media üzrə yüksəkvəzifəli rəsmiləri, milli ictimai televiziya kanallarının, AZƏRTAC, Anadolu, Kazinform, Kabar milli informasiya agentliklərinin məsul şəxsləri iştirak edirlər.

İşçi qrupunun toplantısında VI iclasdan sonrakı dövrdə görülən işlər, Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çoxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, Beynəlxalq Türkdilli Xəbər Kanalının təsis edilməsi, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və yeri, həmçinin digər məsələlər müzakirə edilir.

Toplantını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocaman açıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Murad Hüseynov bildirib ki, operativ xəbər və video mübadilələrinin həyata keçirilməsi üçün texniki baxımdan mükəmməl şəbəkə qurulmalıdır. O əlavə edib ki, İctimai Televiziya Avropa Yayımları Birliyi ilə bu şəkildə rahat əməkdaşlıq edir. M.Hüseynov Şuraya üzv ölkələrin televiziyalarının səhər verilişlərinə canlı yayımla qoşulması təşəbbüsü ilə çıxış edib. Təklif Şura üzvləri tərəfindən müsbət qarşılanıb.

Ömər Kocaman səslənən təkliflərin reallaşdırılması istiqamətində işlərin aparılmasının zəruri olduğunu deyib. O, həmçinin təklif edib ki, iyunda Şuranın növbəti iclası keçirilsin.

“TRT AVAZ” telekanalının əlaqələndiricisi Sedat Sağırkaya Azərbaycanda və Orta Asiya ölkələrindəki telekanallarla əməkdaşlıq həyata keçirdiklərini, bu əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, türkdilli ölkələrin televiziya kanalları ilə müzakirələr davam etdirilir. Hər bir kanalın tövsiyələri nəzərə alınır çəkilən sənədli filmlərin mübadiləsi aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, tərəflərin bir-biriləri ilə əməkdaşlıq şəraitində çalışmaları məqsədilə çoxtərəfli müzakirələr üçün platforma yaradılmalıdır. Bununla yanaşı, katiblikdən və üzv ölkələrdən məsul şəxslər təyin olunmalıdır.

Ömər Kocaman qeyd edib ki, Şura bunun üçün ortaq virtual şəbəkə yaratmaqla bağlı qərara gəlib. İyunda keçiriləcək iclasda bununla əlaqədar qərarların reallaşdırılması istiqamətində müzakirə aparılacaq.

Daha sonra Türk Şurası üzv dövlətlərinin tarixi və mədəniyyəti barədə filmlərin, serialların və videomaterialların hazırlanması məsələsi müzakirə olunub. Bundan başqa, türk dünyasının 100 böyük şəxsiyyəti ilə bağlı sənədli filmlərin hazırlanması təklifi səsləndirilib.

Sedat Sağırkaya qeyd edib ki, TRT AVAZ artıq bu işə start verib. Azərbaycandan və Orta Asiyadan olan tarixi şəxsiyyətlərlə bağlı filmlər hazırlanıb. Lakin bu işin sürətləndirilməsi üçün digər türkdilli dövlətlərin əməkdaşlığına ehtiyac var.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Həsənov qeyd edib ki, türk dünyasının ortaq layihəsinə özəl televiziyaları və agentlikləri də cəlb etmək olar. Bundan başqa o bildirib ki, TRT-nin yayımladığı tarixi seriallara digər türkdilli ölkələrdən də aktyorların cəlb edilməsi yaxşı olar. Bəhruz Həsənov, həmçinin əlavə edib ki, ortaq xəbər sistemi yaratmaq üçün Şuraya üzv ölkələrin jurnalistlərinin birgə bakalavr və magistratura üzrə təhsil almaları üçün şərait yaradılmalıdır.

Qeyd edək ki, informasiya və media üzrə məsul nazirlərin və yüksəkvəzifəli rəsmilərin mayın 7-də keçiriləcək iki sessiyadan ibarət toplantısında isə ikitərəfli görüşlər keçiriləcək, gündəlikdə olan məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com