Gədəbəy inzibati rayonunun əsas istehsal sahələri

Gədəbəy inzibati rayonu 08 avqust 1930-cu ildən etibarən yaradılmışdır. Onun ərazisi 1,29 min kv. km., əhalisinin sayı isə 90,1 min nəfərdir. Ərazidə hər kv. km-ə 70 nəfər əhali düşür.
Gədəbəy inzibati rayonunda 1 şəhər və 111 kənd yaşayış məntəqəsi qeydə alınmışdır ki, burada da 13 ərazi vahidi (icra nümayəndəliyi) fəaliyyət göstərir. Ərazidə ən iri yaşayış məntəqələri: Gədəbəy şəhəri, Böyük Qaramurad, Kiçik Qaramurad, Slavyanka, Novosaratovka, Rüstəm Əliyev, Söyüdlü, Hacılar, Əli İsmayıl və s. kəndləri hesab olunur. Həmçinin inzibati rayonda ümumi əhalinin 9,8%-i şəhərdə, 90,2%-i isə kənd yaşayış məntəqələrində qeydə alınmışdır.
Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Onun ərazisi qərbdən və cənub-qərbdən Ermənistanla 123 km. məsafədə həmsərhəddir.
Gədəbəy kənd təsərrüfatı rayonu olub, iqtisadiyyatında kartofçuluq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq mühüm yer tutur. Bu sahənin inkişaf tempində 2005-ci ildə bir sıra irəliləyişlər qeydə alınmışdır. Belə ki, kənd təsərrüfatı məhsullarının əkin sahələri və istehsalında artım dinamikası müşahidə olunur. Bu artım dinamikası ən çox kartof və meyvə bağlarının əkin sahələrində özünü büruzə verir. Kartof və meyvə bağlarının əkin sahəsi ümumrespublika əkin sahələrinin müvafiq olaraq 19,8% və 4,1%-ni təşkil edir. Onların istehsal gücü isə kartofçuluqda 169065 ton və ya 18,2%, meyvəçilikdə isə 256 ton və ya 6,1% təşkil edir.
Gədəbəy inzibati rayonunda heyvandarlığın respublika üzrə xüsusi çəkisi 2% təşkil edir ki, bunun da 169065 baş iri buynuzlu mal-qara, 215107 baş qoyun və keçilər təşkil edir. Həmçinin inzibati rayonda ət istehsalı 2005-ci ildə 3363 ton olmuşdur. Yəni respublika üzrə ümumi ət istehsalının 2,3%-i məhz bu regionun payına düşür. Adambaşına ət istehsalı isə 37,5 kq hesablanmışdır.

Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com