Əhalinin məşğulluğu təmin olunur

Babək rayon məşğulluq mərkəzinin direktoru Qurban Tarverdiyev AzərTAc-a bildirmişdir ki, ötən 11 ayda məşğulluq mərkəzinə müraciət edən 311 nəfər vətəndaşdan 283 nəfəri iqtisadiyyatın müxtəlif sahələrində daimi işlə təmin olunmuş, 19 nəfər kvota norma yerinə göndərilmiş, 45 nəfər ictimai işə, 19 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilmişdir. Kurslara cəlb edilənlər kursu bitirdikdən sonra müxtəlif təşkilatlarda, özəl qurumlarda özlərinə daimi iş yeri tapmışlar.
Eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayan əmək yarmarkalarının keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Cari ilin aprel, iyul, oktyabr aylarında keçirilən əmək yarmarkalarına ümumilikdə 33 idarə, müəssisə, təşkilat və özəl qurumdan 260 boş iş yeri çıxarılmış, 95 nəfər daimi işlə təmin edilmişdir.
Həmçinin, muxtar respublikanın ümumtəhsil məktəblərində pedaqoji kadrlara olan tələbatın ödənilməsi məqsədilə cari ilin sentyabrında Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında rayonun ayrı-ayrı təhsil ocaqlarına ümumilikdə 9 nəfər müxtəlif ixtisaslı pedaqoji kadr göndəriş almışdır. Hazırda ayrı-ayrı idarə, müəssisə, təşkilat və özəl qurumlardan boş iş yerləri haqqında məlumatlar toplanıb işaxtaran vətəndaşlara təqdim olunur.

AzərTAc

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com