Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

İndiyədək 4188 gənc sahibkara 300 milyon manata yaxın güzәştli kredit verilib

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Biznes inkubatorun səmərəliliyinin yüksəldilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri, eləcə də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları təmsil olunublar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “dəyirmi masa”da çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. İqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edən E.İbrahimov bu sahədə özəl sektorun xüsusi rolunu qeyd edib, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

Qeyd edilib ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. İndiyədək 4188 gənc sahibkara 296 milyon manat həcmində güzәştli kreditlәr verilib. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan birgə Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2014-cü illərdə 220 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı artır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov tədbirdə çıxış edərək Xaçmazda biznes inkubatorun yaradılmasının sahibkarlığın inkişafına göstərilən növbəti dəstək tədbiri olduğunu vurğulayıb. Qeyd edilib ki, 2014-cü ilin sentyabrın 10-da fəaliyyətə başlamış biznes inkubatorda iştirakçılar üçün birinci mərhələdə biznes ideyaların işlənib hazırlanması məqsədilə 3 ay müddətində treninqlər keçirilib və bununla birinci mərhələ başa çatıb.

Bu ilin yanvar ayından biznes inkubator iştirakçıları üçün ikinci mərhələdə biznes ideyaların həyata keçirilməsi məqsədilə məsləhət xidmətlərinin göstərilməsinə başlanıb. Məsləhət xidmətlərinin aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri tərəfindən 8 ay ərzində göstərilməsi nəzərdə tutulur. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları üçün bu xidmətlər yanvar-aprel ayları ərzində İqtisadiyyat və Sənaye, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və “Azersun Holding” MMC-nin nümayəndələri tərəfindən göstərilib. Hazırda isə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən biznes inkubatorda məsləhət xidmətləri göstərilir. Biznes inkubatorun fəaliyyətinə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb edilib. Biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağını qeyd edən A.Fərruxov biznes inkubator iştirakçılarına biznes əlaqələrinin yaradılması, bizneslərinin təşkilində gələcəkdə də dəstək göstəriləcəyini vurğulayıb.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri çıxışlarında gənc sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, innovativ və perspektivli biznes sahələrinin kreditləşdirilməsi barədə məlumat verib, biznes inkubatorda yaradılacaq yeni biznes subyektlərinin iqtisadi rayonun sosial-iqtisadi inkişafına töhfə verəcəyini diqqətə çatdırıblar.

Tədbirdə çıxış edən biznes inkubatorun iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə ölkə başçısına təşəkkür edib, biznes inkubatorun gənclərin məşğulluğunun artırılmasında, gənc sahibkarların inkişafında əhəmiyyətini vurğulayıblar.

Tədbirdə biznes inkubator iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]