Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Oqtay Haqverdiyev: Manatın devalvasiyasının olacağı ilə bağlı fikirlər…

Azərbaycanda manatın devalvasiyasının olacağı ilə bağlı xəbərləri yayaraq ajiotaj yaradan kim və ya kimlərdirsə, onlar məqsədinə çatır və bundan yaxşıca bəhrələnirlər. Devalvasiyanın olacağı, hətta onun ikiqat səviyyədə baş verəcəyi barədə fikirlər yürüdən bəzi ekspertlər bunu əsaslandırmalı, arqumentlər gətirməlidirlər. Deyirlər ki, Azərbaycanda devalvasiya ola bilər. Deməli, olmaya da bilər. Ona görə də, bu cür fikirlər demək düzgün deyil və bu qeyri-ciddilikdir.

Bunu Trend-ə açıqlamasında tanınmış iqtisadçı ekspert Oqtay Haqverdiyev deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir: “O ölkələrdə ki, milli valyuta sərbəst axına buraxılır, orada valyutanın real qiyməti valyuta bazarındakı tələb-təklif prinsipi əsasında müəyyən olunur. Gərək ölkədə iqtisadi artım daim 5-6 faiz olsun ki, maliyyə bazarı buna davam gətirsin. Əgər iqtisadiyyat ölümcül səviyyədədirsə, məsələn tədiyyə balansında idxal ixracdan çoxdursa, büdcənin gəlirləri yığılmırsa, əlbəttə ki, maliyyə sistemi çökəcək. O ölkədə ki, maliyyə sektoru dövlət və ya Mərkəzi Bank tərəfindən tənzimlənirsə, heç kim özündən əsaslandırılmamış fikir yürütməməlidir. Biz yalnız onun fəaliyyətindən nəticə çıxarıb düzgün edib-etmədiyini deyə bilərik. Mərkəzi Bank açıqlama verərək bildirdi ki, devalvasiya məsələsi hələlik gündəlikdə deyil. Buna inanmaq da olaq, inanmamaq da. Fakt odur ki, rəsmi orqan belə deyir. Yəni, Azərbaycanda manatın devalvasiyasının olacağı haqqında deyilən fikirlər qeyri-ciddidir və heç bir əsası yoxdur”.

O.Haqverdiyevin fikrincə, əgər ölkədə məzənnə, pul-kredit siyasəti məsələsi dövlət tərəfindən tənzimlənirsə, burada birmənalı olaraq devalvasiya olacaq: “Ola bilər və ya ola bilməz demək düzgün deyil. Çünki hər iki hal ola bilər. Bu barədə müəyyən dialoq aparmaq, fikir yürütmək olar. Təbii ki, biz vakuumda yaşamırıq. Dünyada cərəyan edən proseslərin dolayısı ilə də olsa, Azərbaycana təsiri var”.

Ekspert devalvasiyanın olacağının neftin qiyməti ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Bir çoxları deyir ki, neftin qiyməti düşür, ona görə də devalvasiya olacaq. Bu, qeyri-peşəkarlıqdır. Neftin qiyməti düşəndə onun yalnız bir dövlət sənədinə təsiri olur, o da dövlət büdcəsidir. Məsələn, biz neftin qiymətini büdcədə 90 dollardan hesablamışıq, indi satırıq 45 dollara. Deməli, qazancımız iki dəfə azalıb. Artıq ilin birinci yarısında büdcə kəsiri 700 milyon manat olub. Əlbəttə ki, neftin qiymətinin düşməsi Azərbaycana böyük zərbədir. Büdcəmiz dolmur. İndi hökumət də hansısa dövlət xərclərini azaltmalı olacaq. Büdcə kəsirinin nə ilə doldurulması özü də böyük sual doğurur. Çünki yəqin ki, ilin sonuna kimi bu rəqəm 1,5 milyard manata çatacaq. Onu qarşılamaq üçün iki mənbəyimiz var. Biri valyuta ehtiyatlarımızdan götürməkdir, digəri isə qiymətli kağızlar buraxmaqdır. Valyuta ehtiyatlarından götürülsə, daha yaxşı olar. Çünki borca girmək sonra pis nəticələnə bilər”.

Ekspert sonra əlavə edib ki, məzənnəyə gəlincə, bunun birbaşa yox, dolayı təsiri ola bilər: “Fevralda baş verən devalvasiya büdcəyə kömək məqsədilə edildi. Çünki büdcəyə vergilər manatla ödənilməlidir. Məsələn, xarici neft şirkətləri vergiləri ödəmək üçün gəlirlərini dollardan manata çevriməlidirlər. Manatın da məzənnəsi aşağı düşdüyü üçün pul kütləsi artır. Ona görə də, bu məsələdən büdcə uddu”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]