Sorğu

Loading ... Loading ...

Təqvim

Май 2018
Пн Вт Ср Чт Пт Сб Вс
« Апр    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Prezident İlham Əliyev: Milli Məclisə seçkilər şəffaf, ədalətli, yüksək rəqabət şəraitində keçirilib

“Hörmətli deputatlar, xanımlar və cənablar. V çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.

İlham Əliyev əminliyini bildirib ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfələrini verəcəklər, Milli Məclisin işi çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcək:

“Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilib. Beynəlxalq müşahidəçilər, yerli müşahidəçilər bunu təsdiq ediblər. 500-dən çox beynəlxalq müşahidəçi, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləyiblər, müşahidələr aparıblar və ümumi fikir belə olub ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm”.

Dövlət başçısı vurğulayıb ki, seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir:

“Bir sözlə bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və bir daha sübut edib ki, Azərbaycan demokratiyaya sadiqdir, Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar təmin edilir, bütün azadlıqlar mövcuddur – söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı. Bu seçkilərdə əlbəttə ki, bir daha bütün bu azadlıqlar özünü biruzə verib. Eyni zamanda onu da qeyd etməliyəm ki, seçkilərin nəticələrinə son illər ərzində ölkədə gedən quruculuq prosesi də öz müsbət təsirini göstərib. Son illər ərzində Azərbaycan uğurla və sürətlə, hərtərəfli inkişaf edir və əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstəriblər, eyni zamanda ölkədə aparılan siyasətə öz səslərini bir daha veriblər”.

İlham Əliyev deyib ki, Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir:

“Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir”.

Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir: “Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə.

Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır.

Ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Artıq sirr deyil ki, bütün beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanı bu sahədə nümunə kimi göstərirlər. Bu, reallıqdır, bu, həqiqətdir. Bu, bizim siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin əlamətidir və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir. Əminəm ki, bundan sonra da Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənəcək. Azərbaycan bundan sonra da nümunəvi ölkə kimi özünü göstərəcəkdir.

Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayacaqlar. Bu, bizi daha da gücləndirir. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Xüsusilə son aylar ərzində Avropada müşahidə olunan mənzərə dediklərimi bir daha sübut edir. Harada ki, bu sahəyə diqqət verilməmişdir, harada da ki, bu sahə diqqətdən kənarda qalmışdır, yaxud da başqa siyasi meyillər üstünlük təşkil etmişdir, orada indi çox böyük problemlər yaranır.

Bir sözlə, seçkilərin nəticələrinə, əlbəttə, dediyim bu amillər öz müsbət təsirini göstərmişdir. Bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com