Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

SOCAR və Aberdin məktəbi qazmaçı mütəxəssislər hazırlaya bilərlər

Noyabrın 24-də SOCAR-ın Baş ofisində Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlend və məktəbin biznes inkişafı departamentinin meneceri Tom Donnelli ilə görüş olub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Dövlət Neft Şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qonaqları səmimi salamlayıb, SOCAR-la Aberdin Qazma Məktəbi arasında 2 il öncədən başlanmış səmərəli əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən C.Sazerlend Azərbaycanın dünya neft-qaz sənayesi tarixində mühüm rolu haqqında məlumatlı olduqlarını, belə bir ölkəyə səfərdən məmnunluq duyduqlarını söyləyib.

X.Məmmədov Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə böyük nailiyyətlər qazanılıb, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Ötən dövr ərzində neft-qaz sektorunda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında yüksəlişə səbəb olub.

Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan SOCAR rəsmisi qeyd edib ki, “Şahdəniz” yatağının işlənilməsi, eləcə də Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan TANAP və TAP layihələri ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Bütün bu uğurların təməlində yüksəkixtisaslı neftçi əməyinin durduğu qeyd edilib, Şirkətin 2005-ci ildən həyata keçirməyə başladığı kadr hazırlığı layihələri, daxili və xarici təqaüd proqramları, eləcə də Şirkətin nəzdində yaradılmış Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.

Maraqlı informasiyalara görə təşəkkürünü bildirən C.Sazerlənd rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verib və qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən bu Məktəb ötən əsrin 90-cı illərindən dünyanın bir çox ölkələrində quyulara nəzarət və quyuların tənzimlənməsi sahələri üzrə fəaliyyətini genişləndirib. Hazırda üç ölkədə qazma məktəbinə malik olduqlarını, bir neçə ölkədə isə genişmiqyaslı layihələr həyata keçirdiklərini vurğulayan qonaq SOCAR, onun Kompleks Qazma İşləri Tresti (KQİT), habelə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi ilə sıx əməkdaşlıq münasibətləri qurulduğunu söyləyib.

KQİT-in müdiri İskəndər Şirəli Aberdin Qazma Məktəbi ilə səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib, bu Məktəbin neft və qaz quyularının ən müasir texnologiyaları üzrə bütün dünyada tanındığını diqqətə çatdırıb, xüsusilə yüksək təzyiqli quyuların qazılması üzrə Məktəbin yaxşı təcrübəyə malik olduğunu vurğulayıb. Aberdin Qazma Məktəbi ilə SOCAR arasında uzunmüddətli təlim müqaviləsi çərçivəsində KQİT-in 64 mütəxəssisinin yüksəksəviyyəli təlim keçdiyi diqqətə çatdırılıb.

SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirən qonaqlar Qobustan Regional Təlim Mərkəzindəki qazma simulyatoru, eləcə də digər avadanlıqlarla, Mərkəzin imkanları ilə tanışlıqdan aldıqları təəssüratları bölüşüblər. Maraqlı ideyalarla zəngin olan görüşdə SOCAR və Aberdin Qazma Məktəbi tərəfindən mövcud potensialdan və təcrübədən istifadə etməklə yüksəksəviyyəli qazmaçı mütəxəssislərin birgə hazırlanması məqsədilə regional əhəmiyyətli bir mərkəzin yaradılması haqqında fikir də səsləndirilib. Aberdin Qazma Məktəbinin nümayəndələri səmərəli əməkdaşlıq üçün SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirib, əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə inandıqlarını söyləyib, perspektiv əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com