Xaçmazın Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib

Xaçmaz rayonunun Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.

Şəhid Əlvan Fətəliyevin adını daşıyan ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir.

Bayoba kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Məktəbin direktoru Telman Tariverdiyev çıxışında Bayoba kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Bildirilib ki, Xaçmaz rayonunda son on ildə 49 məktəb binası tikilərək istifadəyə verilib. Rayonun Gəncəli və Aşağı Ləgər kəndlərinin şagirdləri isə bu tədris ilinin əvvəlindən başlayaraq yeni modul tipli məktəbdə təhsil alırlar. Yaxın günlərdə Çılğır kəndində də modul tipli məktəb binasının açılışı olacaq.

Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.

Açılış mərasimindən sonra məktəb zənginin sədaları altında şagirdlər yeni sinif otaqlarına daxil olublar.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com